Ontoloji arqumentə qısa baxış
- 225 dəfə baxılıb
Bu kitab müasir din fəlsəfəsinin ilahi mütəfəkkirlərindən hesab olunan amerikalı filosof Alvin Plantinqanın çox sanballı əsəridir. Qrey Karl Legenhavzenin ifadəsi ilə desək, Alvin Plantinqa bu gün Amerikada ən görkəmli və ən nüfuzlu din filosoflarındandır. Din fəlsəfəsinin inkişafında onun əsərləri və fikirlərinin böyük rolu olmuşdur. Kitabın əsas mövzusu din fəlsəfəsi sahəsinə aiddir. Din fəlsəfəsi dinin təməl əqidə və inanclarını fəlsəfi və rasional müstəvidə araşdırır, təhlil və müqayisəli şəkildə izah edir. Kitab iki əsas bölmədən ibarətdir:
1) Təbii ateizm və ona dair arqumentlər.
2) Təbii ilahiyyat və Allahın varlığının arqumentləri.
Müəllif əsərdə sadə və səlis ifadələrdən istifadə edərək fəlsəfənin mürəkkəb məsələlərini izah etməyə çalışmışdır. Ümumiyyətlə A.Plantinqanın fəlsəfi üslubu onun analitik filosof olmasını aydın şəkildə göstərir. Analitik fəlsəfə hazırda müasir qərb fəlsəfəsinin ən aparıcı cərəyanıdır. Bu fəlsəfi məktəb Corc Edvard Mur və Bertran Rasselin fəlsəfi fəaliyyəti ilə başlayaraq, Lüdviq Vitgenşteynin ikinci inqilabi yeniliyi, yəni “Fəlsəfi tədqiqatlar” əsəri ilə yeni mərhələyə keçmişdir. Analitik fəlsəfə hazırda Amerikada müxtəlif sahələrdəki araşdırmaları o cümlədən din fəlsəfəsi tədqiqatlarını da öz təsiri altına salmışdır. A. Plantinqa dini inancların rasional əsaslandırmasının tərəfdarı olduğundan, bu sahədə olan fundamentalist nəzəriyyələri əsas hesab edir. Məhz bunun üçün o epstomoloji metoddan istifadə edərək biliyin tərifinə, həqiqətin doğruluğuna və rasionalizmin izahına çalışır. Həmçinin digər tərəfdən evidentalizm nəzəriyyəsini də əsas götürür. Başqa ifadə ilə desək A. Platinqa Tanrının varlığına inancı insanların təməl əqidəsi hesab edir. O qeyd edir: “Hazırda inandığımız bir neçə həqiqəti nümunə götürsək və onları təhlil etməyə başlasaq, ilk sual bu olacaq ki, biz bu həqiqətlərə niyə inanırıq? Bu həqiqətlərə inam digər həqiqətlərə inama əsaslanırmı? Bəlkə heç bir başqa köməkçi inancdan qaynaqlanmır?” Bizim inandığımız bir həqiqət sonuncuya aiddirsə, bu vaxt həmin inancı təməl əqidə hesab etmək olar. Təməl inanclar arasında hissi idrak orqanı ilə dərk edilən həqiqətlər, hafizə gücünə söykənən həqiqətlər, başqalarının hisslərinə əsaslanan həqiqətlər və digər formalarda təzahür edən həqiqətlərin olması mümkündür. Bu analizi davam etdirib müxtəlif nümunələri nəzərdən keçirdikdən sonra təməl inanclar haqqında ümumi təsvir əldə etmək olur. A. Plantinqa bu vaxt tam başqa bir təklif irəli sürür: “Niyə ‘Tanrı var’ ifadəsinə inanc, bünövrə əqidə hesab edilə bilməz?” O bildirir ki, biz bu həqiqəti bünövrə əqidələrə aid edə bilərik. Nə üçün təməl inanc belə olmalıdır? A.Plantinqa cavab verir: “Ona görə ki, inanclı şəxs inanc məsələsini özü üçün rasional səviyyədə həll etmişdir və “masanın üstündə bir gül var” həqiqətinə inandığı kimi, onun da inancı haqqında heç bir şübhəsi yoxdur”. Beləliklə, A. Plantinqa dinin, xüsusilə Tanrıya inancın qaynağını insanların bünövrə əqidələrində tapmağa çalışır və bunu əsaslandırmağa cəhd edir. Əlbəttə A. Plantinqanın bu nəzəriyyəsi sonradan bir sıra müzakirə və mübahisələrə yol açmışdır. Lakin bu dəyərləndirmə və tənqidlərə birbaşa özü kitab və məqalələrində cavab vermiş və münasibət bildirmişdir. Qeyd etmək yerinə düşər ki, müasir din tədqiqatçılarından olan Qari Qutin A. Plantinqanın bu üslubunu tənqid edərək yazır: “İmanlı şəxs hər hansı bir sübut göstərmədən öz dini inancını necə izah edə bilər?! Sağlam bir düşüncə tələb etmirmi ki, müəyyən bir məsələdə dərin mübahisə və fikir ayrılığı varsa bu vaxt hər iki tərəf öz fikirlərini sübuta yetirməyə çalışmalıdır?”. A. Plantinqa soyuqqanlıqla bu tənqidə belə cavab verir: “Təməl inancları müəyyənləşdirmək bir neçə nümunəni araşdırdıqdan sonra mümkün olur. Sonra mövzu həmin nümunələr vasitəsilə yoxlanılır. Lakin öncədən həmin nümunələrin hamı tərəfindən təməl inanc kimi təsdiq edilməsi zəruri şərt deyil. Dindar şəxs Tanrıya etiqad etdikdən sonra bu inancı ilə başqa əqidələrini əsaslandırırsa, X bir şəxs qəbul etməsə də bu əqidələr mötəbərdir. Çünki dindar şəxs öz inancı qarşısında cavabdehdir”.
Təbii ki A. Plantinqanın bu sahədə ki çalışmaları çox dəyərli, dərin və əhəmiyyətlidir. Nəticədə A. Plantinqa klassik fundamentalizm nəzəriyyəsini tənqid edərək, bir növ mötədil fundamentalizmə yaxınlaşır. Burada öz fəlsəfi nəzəriyyəsinin bünövrəsini qoyur və öz fəlsəfi nəzəriyyəsini “islah edilmiş epistemologiya” (reformed epistemology) adlandırır. Ümidvaram ki, bu kitabın Azərbaycan dilinə tərcümə və nəşr edilməsi Azərbaycan Respublikasında bu sahədə olan ciddi boşluğun doldurulmasına öz töhfəsini verəcəkdir.
Sizə tövsiyə edilənlər
Ontoloji arqumentə qısa baxış
Kosmoloji arqumentə qısa baxış
Elm Allahın varlığını inkar ed...