Ontoloji arqumentə qısa baxış
- 225 dəfə baxılıb
Elm və teologiya müzakirəsinin olduğu hər yerdə mövzunun bir ucu hər zaman təkamül nəzəriyyəsinə də toxunur. Bu nəzəriyyə Çarlz Darvindən sonra elm – teologiya müzakirəsinə elə daxil olmuşdur ki, bəzən bu müzakirələri bu mövzu olmadan düşünmək olmur. “İnsan necə yarandı?”, “İnsanın yaranışı bir yaradıcıya dəlildirmi?”, “İnsan yaradıcı olmadan da formalaşa bilərdimi?” kimi suallar tarix boyu insanın beynini məşğul edib və Çarlz Darvin təkamül nəzəriyyəsini məşhurlaşdırdıqdan sonra artıq müzakirələr daha da qızışmağa başladı. Əlbəttə, Darvindən öncə də bu fikir müxtəlif formalarda mövcud idi (buna növbəti hissələrdə toxunacağıq), lakin bu fikri nəzəriyyə halına salan və dünyada məşhurlaşdıran məhz Darvin idi. 1859-cu ildə onun “Növlərin mənşəyi” adlı əsəri dünyada çox ciddi rezonans doğurdu. Darvin iddia edirdi ki, bütün növlər özündən öncəki növdən formalaşır. Bu qənaətə gəlməsinin də əsas səbəbi səfərə çıxdığı gəmi səyahəti idi.
1831-1836-cı illərdə Darvin “Biql” gəmisi ilə dünya səyahətinə çıxdı və Qalapaqos adalarına gələndə onu çox təəccübləndirən bir şeylə qarşılaşdı. İki fərqli adada olan ispinoz quşlarının müəyyən fərqləri var idi. Bir adada olan ispinoz quşunun dimdiyi nazik və uzun, digər adada olan ispinoz quşunun dimdiyi isə qalın və qısa idi. Darvin adaların qida rasionuna baxdıqda ağlında çox maraqlı bir düşüncə yarandı. Bir adanın qida rasionu yumşaq meyvələr, digər adanın qida rasionu isə bərk qabıqlı meyvələr idi. Məsələ onun üçün aydın olmuşdu: quşlar adanın mühitinə görə formalaşmışdılar. Deməli, bir növ düşdüyü mühitə görə formalaşa bilər və zaman məsafəsi həddən artıq çoxalarsa, yeni bir növ ortaya çıxa bilər.
Darvin “Növlərin mənşəyi” əsərini yazanda mövzu hələ heyvanlar ətrafında dönürdü, insan haqqında danışılmırdı. Əsas məsələ 1871-ci ildə baş verdi. Darvin “İnsanın mənşəyi və cinsi seleksiya” kitabı ilə bu böyük təkamül prosesinə insanı da aid etdi. Bu kitaba qədər müəyyən qədər nəzəriyyə ilə razılaşan şəxslər belə, ciddi formada nəzəriyyəyə qarşı çıxırlar. Həmin dövrdə heyvanların təkamül etməsi anlaşılan idi, amma insanın təkamülü əsla. Çünki insan o dövrün teoloji təfəkkürünə görə üstün varlıq idi və başqa canlıdan, xüsusən də meymundan (ape, simian) törəyə bilməzdi. Darvin isə insanı meymunlar dəstəsinə aid edir və bizim onlardan təkamül etdiyimiz fikrini irəli sürürdü. Kitabında yazır: “İnsanlar diş forması (denition) və bəzi digər cəhətlərə görə, şübhəsiz ki, köhnə dünya meymunları (Catarhine) qrupuna daxildir; bir neçə kiçik və açıq-aydın adaptiv xüsusiyyət istisna olmaqla, onlar yeni dünya meymunlarına (Platyrhine) köhnə dünya meymunlarından (Catarhine) daha çox bənzəmirlər. Nəticədə insanların yeni dünyanın bəzi növlərinin özünəməxsus xüsusiyyətlərini itirib köhnə dünyanın bütün özünəməxsus xüsusiyyətlərini mənimsəməsi və beləliklə insanabənzər məxluq əmələ gətirməsi inandırıcı olmadığından, insanın köhnə dünyanın həqiqi meymunları (Simiae) qoluna aid bir budaq kimi dar burunlu meymunlarla birlikdə təsnif edilməsi şübhəsizdir”.
Bu kitabdan sonra təkamül nəzəriyyəsi mövzusu artıq elmi mövzudan çox, teoloji mövzu olmağa başladı. Qərbdə qəbulolunan teoloji fikirləri mənimsəmiş şəxslər nəzəriyyəyə qarşı sərt mövqe nümayiş etdirdi. Zamanla bu mövqe müsəlman coğrafiyasına da yayılmağa başladı. Bunun nəticəsində hər zaman təkamül nəzəriyyəsi din əleyhinə bir nəzəriyyə kimi təqdim edildi. Qərb də, müsəlman coğrafiyası da iki yerə bölündü: ya təkamülü qəbul edən dinsiz olacaqsan, ya da onu inkar edən dindar. Lakin zamanla məsələyə tamamilə fərqli cür baxan şəxslər ortaya çıxdı. Onlar düşünürdülər ki, əslində, bu nəzəriyyə heç də din əleyhinə bir nəzəriyyə deyil və həm dini, həm də təkamül nəzəriyyəsini qəbul etmək mümkündür. Dr. Məhəmməd Hüseyni də bu cür şəxslərdən biridir. Onun yanaşması da nəzəriyyənin dini düşüncələrlə qarşı-qarşıya qoyulmasının yanlış olduğu yönündədir. Dr. Məhəmməd Hüseyniyə görə, əslində, mövzuya tamamilə fərqli baxmaq mümkündür. Bu kitab da həmin fərqli baxışdan danışır. Ümid edirik ki, bu kitabın sizlərin elmi təfəkkürünüzə müsbət təsiri olacaq və məsələyə daha əhatəli yanaşa biləcəksiniz.
Sizə tövsiyə edilənlər
Ontoloji arqumentə qısa baxış
Kosmoloji arqumentə qısa baxış
Elm Allahın varlığını inkar ed...