Preloader

Ontoloji arqumentə qısa baxış

Ontoloji arqumentə qısa baxış

Tanrının mövcudluğuna dair irəli sürülən ontoloji arqument, Müqəddəs Anselm (1033–1109) tərəfindən formullaşdırıldığı gündən bəri filosofları özünə valeh etməkdədir. Zənnimcə, hər hansı bir şəxsin sırf bu arqumentə görə Tanrıya inanmağa başladığı şübhə doğurur; həmçinin, dini inancın gücləndirilməsi və təsdiqlənməsi baxımından bu arqumentin (məsələn, teleoloji arqument kimi) böyük bir rol oynadığı da real görünmür. Bu məsələlərdən uzaq olan sadə insanlar üçün Anselmin arqumenti (ən azı ilk baxışdan) təəccüblü dərəcədə inandırıcı deyil, hətta qıcıqlandırıcıdır; çünki bu arqument həddindən artıq "söz oyunu" (və ya söz sehri) təsirini bağışlayır.

Buna baxmayaraq, Anselm dövründən bu günə qədər demək olar ki, hər bir böyük filosof bu mövzuda öz fikrini bildirmişdir; xüsusilə son bir neçə ildə bu arqumentə qarşı marağın yenidən kəskin şəkildə artdığının şahidi oluruq.

Bəs bu heyranlığın səbəbi nədir? Zənnimcə, bu, arqumentin dini əhəmiyyəti ilə bağlı deyil (hərçənd bu amili də kiçiltmək olmaz). Səbəb, yəqin ki, ikitərəflidir. Birincisi, ontoloji arqument olduqca kiçik bir "investisiya" qarşılığında nəhəng bir "mənfəət" vəd edir: sadəcə bir tərif və "mövcudluq" ilə "əzəmət" arasında əlaqə quran, bir qədər qarmaqarışıq olsa da, tamamilə əsassız görünməyən bir müqəddimə vasitəsilə teist (Tanrı mərkəzli) nəticə hasil edir.

İkincisi, arqument ilk baxışdan qüsurlu görünsə də, onun tam olaraq harada səhv olduğunu demək dərindən çətindir. Həqiqətən də, hər hansı bir filosofun ontoloji arqumentə qarşı həqiqətən inandırıcı və əsaslı bir təkzib verdiyi şübhə doğurur. Filosoflar çox vaxt sadəcə Kantın "mövcudluq bir predikat (xüsusiyyət) deyil" fikrini xatırlatmaqla və ya "anlayışlar aləmindən real dünyaya körpü salmaq olmaz" deməklə kifayətlənirlər. Lakin Kantın "predikat olmaq" anlayışını hansı mənada işlətdiyi və həmin mənada həm mövcudluğun predikat olmadığı, həm də Anselmin arqumentinin məhz buna ehtiyac duyduğu qətiyyən aydın deyil.

Eyni zamanda, heç bir mövcudluq müddəasının zəruri ola bilməyəcəyi barədəki iddialar və ya yuxarıda qeyd olunan "körpü salma" şərhləri Anselmin arqumentini təkzib etmək üçün kifayət deyil. Axı o, ən azı bir mövcudluq müddəasının zəruriliyini sübut edən bir arqumentə sahib olduğunu iddia edir. Beləliklə, şəxs ya onun arqumentinin məhz harada yanlış getdiyini göstərməli, ya da heç bir mövcudluq müddəasının zəruri ola bilməyəcəyinə dair möhkəm bir əsas ortaya qoymalıdır. Zənnimcə, hələ ki heç kim buna nail olmayıb.

Bu fəsildə mən Anselmin arqumentini şərh edəcək və ona qarşı irəli sürülən bəzi etirazları nəzərdən keçirəcəyəm. Bunlardan birincisi və ən mühümü Kantın etirazıdır — bu arqumentin hər bir versiyasına tətbiq oluna biləcək ümumi bir təkzib tapmaq cəhdidir.

Kant, əlbəttə ki, hesab edirdi ki, bu arqument "mövcudluğu bir predikat (xüsusiyyət)" kimi qəbul etdiyi üçün uğursuzluğa düçar olur. Mən isə inanıram ki, belə bir ümumi təkzib (hələ ki) mövcud deyil; fəslin qalan hissəsində Kantın etirazının müasir dövrdəki bəzi yenidən işlənmiş formalarına diqqətlə nəzər salacağam.

Anselm öz arqumentini aşağıdakı kimi ifadə edir:

"Beləliklə, ey Rəbb, imana anlayış bəxş edən, mənə lütf et ki, Sənin inandığımız kimi mövcud olduğunu və inandığımız həmin varlıq olduğunu xeyrimizə olacaq dərəcədə anlayım. Həqiqətən də biz inanırıq ki, Sən haqqında daha əzəmətlisi təsəvvür edilə bilməyən bir varlıqsan. Yoxsa belə bir mahiyyət mövcud deyil?

Axı axmaq öz qəlbində "Tanrı yoxdur" dedi (Zəbur 14:1).

 Lakin hər halda, həmin axmaq mənim bəhs etdiyim bu varlığı — haqqında daha əzəmətlisi təsəvvür edilə bilməyən varlığı eşitdikdə nə eşitdiyini anlayır; anladığı şey isə (həmin varlığın real olaraq mövcudluğunu anlamasa belə) onun anlayışında (zehnində) yer tutur.

Çünki bir obyektin zehində olması başqa şeydir, həmin obyektin real olaraq mövcud olduğunu anlamaq isə tamamilə başqa bir şeydir. Bir rəssam çəkəcəyi rəsmi əvvəlcədən təsəvvür etdikdə, o, həmin rəsmi öz zehnində daşıyır; lakin rəsmi hələ çəkmədiyi üçün onun (real olaraq) mövcud olduğunu hələ başa düşmür. Amma rəsmi tamamladıqdan sonra o, həm rəsmə zehnində sahib olur, həm də artıq rəsm mövcud olduğu üçün onun varlığını anlayır.

Deməli, hətta həmin axmaq (Tanrını inkar edən) belə, ən azından zehində haqqında daha əzəmətlisi təsəvvür edilə bilməyən bir şeyin mövcud olduğuna inanır. Çünki o, bu varlıq haqqında eşitdikdə onu anlayır; başa düşülən hər bir şey isə zehində mövcuddur. Şübhəsiz ki, haqqında daha əzəmətlisi təsəvvür edilə bilməyən həmin varlıq yalnız zehində mövcud ola bilməz. Tutaq ki, o, yalnız zehində mövcuddur; onda onun həm də reallıqda mövcud olduğunu təsəvvür etmək olar ki, bu da (yalnız zehində olmaqdan) daha əzəmətlidir. Beləliklə, əgər haqqında daha əzəmətlisi təsəvvür edilə bilməyən həmin varlıq yalnız zehində mövcuddursa, onda haqqında daha əzəmətlisi təsəvvür edilə bilməyən həmin varlıq, əslində haqqında daha əzəmətlisi təsəvvür edilə bilən bir varlığa çevrilir. Lakin bu, aşkar şəkildə qeyri-mümkündür.

Deməli, şübhə yoxdur ki, haqqında daha əzəmətlisi təsəvvür edilə bilməyən bir varlıq mövcuddur və o, həm zehində, həm də reallıqda mövcuddur".[1]

Mənə elə gəlir ki, bu arqumenti ən yaxşı şəkildə bir reductio ad absurdum (əksini fərz etməklə isbat) kimi başa düşmək olar. Gəlin "Tanrı" ifadəsini "haqqında daha əzəmətlisi təsəvvür edilə bilməyən varlıq" tərifinin qısaldılmış forması kimi qəbul edək. Bu halda arqument (mümkün qədər Anselmin öz terminləri ilə) aşağıdakı addımlarla irəliləyir:

1. Tanrı yalnız zehində mövcuddur, reallıqda isə yoxdur — (reductio üçün ilkin fərziyyə).

2. Reallıqda mövcud olmaq zehində mövcud olmaqdan daha əzəmətlidir — (müqəddimə).

3. Tanrının bütün xüsusiyyətlərinə sahib olan, üstəlik reallıqda da mövcud olan bir varlığı təsəvvür etmək mümkündür — (müqəddimə).

4. Tanrının bütün xüsusiyyətlərinə sahib olub reallıqda da mövcud olan bir varlıq, Tanrıdan daha əzəmətlidir — (1-ci və 2-ci bəndlərdən çıxan nəticə).

5. Tanrıdan daha əzəmətli bir varlığı təsəvvür etmək mümkündür — (3-cü və 4-cü bəndlərdən çıxan nəticə).

6. Tanrıdan daha əzəmətli bir varlığın təsəvvür edilə biləcəyi iddiası yanlışdır — ("Tanrı" tərifinin özünə əsasən).

7. Deməli, "Tanrı zehində mövcuddur, amma reallıqda yoxdur" iddiası yanlışdır — (1-dən 6-ya qədər olan addımların məntiqi nəticəsi, reductio ad absurdum).

Beləliklə, əgər Tanrı zehində mövcuddursa, o həm də reallıqda mövcud olmalıdır; Tanrının zehində mövcud olduğu isə kifayət qədər aydındır (hətta "axmaq" belə buna şahidlik edər); buna uyğun olaraq, O, reallıqda da mövcuddur.

 

[1] St. Anselm, Proslogion, fəsil 2.

Rəy yazın

Cavab verirsiniz:

Rəylər (0)

Hələ heç bir rəy yoxdur. İlk rəyi siz yazın!

Alvin Plantinqa

Müasir dövrün ən nüfuzlu analitik fəlsəfə nümayəndələrindən biridir və xüsusilə din fəlsəfəsi sahəsindəki işləri ilə tanınır. O, kalvinizm ənənəsinə bağlı xristian filosofudur və Tanrının varlığıidrak nəzəriyyəsi (epistemologiya) və şər problemi kimi mövzuları fəlsəfi cəhətdən müdafiə etmişdir. “Reformist epistemologiya” adlı yanaşmanın əsas qurucularından biri sayılır və bu yanaşmada dini inancın rasional əsaslandırmaya ehtiyac olmadan da bilik kimi qəbul edilə biləcəyi müdafiə olunur. Onun əsas araşdırma sahələri din fəlsəfəsi, metafizika, epistemologiya və təkamül ilə teizm arasındakı münasibətlərdir.

Karyerası ərzində "Templeton Prize" (2017) kimi nüfuzlu mükafatlara layiq görülmüş və analitik fəlsəfəyə böyük təsir göstərmişdir. O, xüsusilə “God and Other Minds”“Warranted Christian Belief” kimi əsərləri ilə çağdaş teist fəlsəfənin ən önəmli simalarından biri hesab olunur.

"Azadlıq, şər və Tanrı""Elm və din: uyğunluq varmı?" (Dennetlə debat) kitabları nəşriyyatımız tərəfindən azərbaycancaya tərcümə edilib və nəşr edilib.