Ontoloji arqumentə qısa baxış
- 223 dəfə baxılıb
Bizə ünvanladığınız suallar.
Dəyərli Fərhad bəy, salam.
Bizə ünvanladığınız sual üçün sizə təşəkkür edirik. Sual olduqca maraqlıdır və bir çox tərəfdən ələ alınması mütləqdir.
Bəli, bu bir həqiqətdir ki, Qurani-Kərimin ilk əmri “oxu” əmridir. Hz. Məhəmməd mağarada olarkən Cəbrayıl mələk ona yaxınlaşaraq “oxu!” deyə nida edir. Hz. Məhəmməd isə cavabında “mən oxuyub yazmağı bilmirəm” deyə cavab verir. Hadisə bir çox hədis kitablarında bu formada keçir:
“O varlıq mənə onun Cəbrail olduğunu, Allahın məni peyğəmbər seçdiyini və bunu bildirmək üçün özünü vəzifələndirdiyini söylədi. Mənə oxumağı əmr etdi. Mən ona oxuma bilmədiyimi dedim. O, məni qolları arasına alıb qüvvətlə sıxdı; sonra: “Oxu!” dedi. Mən yenə: “Oxuma bilmirəm” dedim. O, məni yenidən qolları arasına aldı, qüvvətlə sıxdı və: “Oxu!” deyə təkrar etdi. Mən yenə: “Oxuma bilmirəm” dedim. Üçüncü dəfə məni qolları arasına alıb daha qüvvətli şəkildə sıxdıqdan sonra buraxdı və belə dedi:
“Oxu, yaradan Rəbbinin adı ilə; insanı ələqdən yaradan Odur. Oxu, Rəbbin sonsuz kərəm sahibidir. Qələmlə yazmağı öyrədən Odur. İnsana bilmədiyini öyrədən Odur".
Bu mövzuda müfəssirlər fərqli nəzərlər ortaya qoyublar. Məsələn, Fəxrəddin Razi “Təfsiri-Kəbir” əsərində “oxu” əmrində nəyin qəsd edilməsinə dair nəzərləri ortaya qoyur. İlk nəzər budur ki, ayədə qəsd olunan Allahın adını anmaqdır. Razi bu nəzərin zəif olduğunu qeyd edir və hədisdə peyğəmbərin “mən oxumağı bilmirəm” deməsini dəlil gətirir ki, əgər iddia Allahın adını anmaq olsaydı, peyğəmbərin bu cür cavab verməsi mənasız olarda. Çünki o, onsuz da Allahdan xəbərdar idi. Razi ikinci nəzəri isə möhkəm sayır və deyir ki, ayədə qəsd olunan “oxu!” əmri Qurani-Kərimi oxu mənasında gəlmişdir.
Ayətullah Məkarim Şirazi də “Nümunə təfsiri” əsərində ayədəki “oxu!” əmrində qəsdin Quran oxumaqla bağlı olduğunu deyir. Ayədə “Yardan Rəbbinin adı ilə oxu” cümləsini Məkarim Şirazi “Allahın adını anaraq oxu” kimi izah edir və qeyd edir ki, bəzi şəxslər bu ayəyə əsasən sürələrin əvvəlində gələn bəsmələni (Bismilləhi Rahmənir Rahim) surənin tərkib hissəsi, yəni ayəsi sayıblar. “Oxu!” əmrinə əsasən bu başa düşülür ki, surələri Allahın adını anaraq oxumağa başlamaq lazımdır.
Bəzi müfəssirlərə görə isə surədə keçən “oxu!” əmri “təbliğ etmək” mənasında gəlir. Yəni Allahın vəhyini qiraət edərək insanlara çatdır, onlara dini təbliğ et. Bu da maraqlı və ağlabatan yanaşmalardan biridir.
Ərəb dilində “oxumaq” sözü həm “qiraət”, həm də “tilavət” kimi ifadə oluna bilər, amma bunlar arasında fərq var. Bir çox dilşünasın nəzərinə görə “qiraət” istənilən şeyi oxumaq mənasına gəlsə də, “tilavət” ancaq Quran oxumaq mənasına gəlir. Bu zaman düşündürücü bir sual ortaya çıxır ki, nə üçün ayədə “tilavət” yox, “qiraət” sözü gəlir? “Qiraət” daha geniş mənalı söz olduğu üçün, düşünürəm ki, Allah bizimlə ikibaşlı danışıb. Bunu anlamaq üçün “Qurani tövriyyə” metoduna baxmaq lazımdır.
“Qurani tövriyyə” metodu ilk dəfə dəyərli türkiyəli ruhani Hasan Hüseyin Yıldız müəllimdən şəxsən eşitdiyim və Qurana baxışımı kökündən dəyişən metoddur. Bu metoda görə Allah Qurani kərimdə bir çox ayələrdə bir cümlə ilə birdən çox məna çatdırıb. Buna Hasan Hüseyin Yıldız müəllimin də çalışdığı bir neçə ayədən qısa misallar verərək “oxu!” əmri haqqında yekun fikrimi bildirəcəm.
Məsələn “Qureyş” surəsi bu metodun işlədiyi ən önəmli surələrdən biridir. Ayədə Allah deyir: “Biz qureyşə yay və qış səfərlərini öyrətdik. Elə isə bu beytin rəbbinə qul olsunlar. Biz onları doyuzdurduq və qorxudan amanda saxladıq”. Çox maraqlıdır ki, surəyə ilk baxışda Allahın Qureyş qəbiləsi haqqında danışdığı görülür. Lakin ayənin arxa planı da mövcuddur. Qureyş sözü bir çox dilşünasa görə “qırş” kökündən gəlir və mənası “köpəkbalığı”dır. Ərəblər totemist toplum olduqları üçün öz qəbilələrini hansısa heyvana nisbət edirdilər. Məsələn, “bəni əsəd”, yəni “şir övladları”. Qureyş qəbiləsi də bu qəbildən qəbilənin adını “bəni qureyş”, yəni “köpəkbalığı övladları” qoyaraq, köpəkbalıqlarının dənizlərə hakim olduğu kimi, özlərinin də qurulara hakim olduğunu bildirirdilər. Biz Qureyş surəsini hər iki mənadan ələ alanda da məna doğru olur. Yəni Qureyş qəbiləsi kimi başa düşsək də, məna doğrudur, köpəkbalığı kimi başa düşsək də. Xüsusən surədə “Məscidül haramın” və ya “Kəbənin Rəbbinə qul olsunlar” yox, “hazəl beyt”, yəni “bu evin” Rəbbinə qul olsunlar deyilir ki, bu da ayədə keçən evin həm Qureyş qəbiləsinin məskunlaşdığı Kəbə evi ətrafı, həm də köpəkbalıqlarının məskunlaşdığı dəniz və okeanlar mənasında başa düşülməsini açıq saxlayır.
“Təbbət” surəsi də bu qəbildəndir. Allah surədə Əbu Ləhəbdən danışsa da, eyni anda həm də Firondan danışır və surə hansı mənada başa düşülsə, doğru olur.
İndi qayıdaq ayədə keçən “qitraət” sözünə. Düşünürəm ki, burada da Allah bizə ikibaşlı söz çatdırır və hər iki məna da doğru, məntiqli və faydalı olur. Yəni, zənnimcə ayədə keçən “oxu!” əmrinin Quranı oxumaq mənası da doğrudur, elm oxumaq mənası da. Quran Allahın dini ayələridir, elm isə Allahın fiziki ayələridir. Ona görə də Allahın “oxu!” əmri hər iki mənada başa düşülə bilər. Hətta əmrin ardınca “O, insanı ələqdən yaratdı” deməsi, Allahın bu əmrlə insanı təbiəti öyrənməyə təşviq etdiyini daha böyük ehtimalla düşünmək olar. Ardınca “O insana qələmlə bilmədiklərini öyrətdi” deyir ki, bu da təbiəti oxumaq mənasının yetəri qədər məntiqli olduğunu göstərir.
Xülasə, ayədəki “oxu!” əmri zənnimcə həm Quranı, həm də elmi oxumaq mənasında başa düşülə bilər. Düşünürəm ki, Allahın metodu da budur. Allah təbiəti Onunla öyrənməyimizi, Onu isə təbiətlə başa düşməyimizi istəyir. Albert Eynşteynin də dediyi kimi: “Dinsiz elm topaldır, elmsiz din isə kordur”.
Əlavə: Peyğəmbərin yazıb oxuma bilməməsi məsələsinə gəldikdə isə, bu hal onun vəhydən öncəki vəziyyətinə aiddir, vəhydən sonra peyğəmbər yazıb oxumağı öyrənir. Yəni, ayəyə hər iki mənada əməl edib.
Xüsusi qeyd: Burada yazdıqlarımız sadəcə bizim öz şəxsi qənaətimizdir. Bunu Allahın sözü kimi anlamayın. Biz sadəcə öz anladığımızı qeyd edirik, doğruları bilən isə yalnız Allahdır.
Hörmətlə: Ziya Balıyev
Sizə tövsiyə edilənlər
Ontoloji arqumentə qısa baxış
Kosmoloji arqumentə qısa baxış
Elm Allahın varlığını inkar ed...