Preloader
Elm xəbərləri

Dünya kimi yaşana bilən planetlər düşündüyümüzdən daha nadir ola bilər

  • May 06, 2026

Dünya kimi yaşana bilən planetlər düşündüyümüzdən daha nadir ola bilər

Kosmosda həyat axtarışı deyiləndə, alimlərin ilk baxdığı meyarlardan biri “yaşana bilən zona” adlanan orbitlərdir. Bir planetin öz ulduzuna olan məsafəsi onun səthində maye suyun mövcud ola bilməsi üçün kritik hesab olunur. Buna görə də bu günə qədər kəşf edilən minlərlə ekzoplanet arasında, xüsusilə bu zonada yerləşənlər həyat ehtimalı baxımından ən güclü namizədlər kimi seçilib. Lakin yeni bir araşdırma göstərir ki, bu yanaşma təkbaşına kifayət etməyə bilər.

Suyun mövcudluğu tək başına kifayət deyil

Vaşinqton Universitetində aparılan yeni bir tədqiqat göstərir ki, səthində su ola biləcək temperatur şəraitinə malik olmaq bir planeti yaşana bilən etmək üçün yetərli deyil. Araşdırmaya görə, bir planetin uzun müddət həyat dəstəkləyə bilməsi üçün yalnız suya sahib olması kifayət deyil, eyni zamanda bu suyun müəyyən miqdardan artıq olması lazımdır. Hətta tədqiqata əsasən, Yer ölçüsündə bir planetin yaşana bilən qalması üçün ən azı Yer okeanlarının 20–50%-i qədər suya malik olması vacibdir.

Bu günə qədər təsdiqlənmiş 6 mindən çox ekzoplanetin əhəmiyyətli hissəsi yaşana bilən zonada yerləşir. Lakin alimlərə görə, bu planetlərin bir çoxu “səhra planetləri” ola bilər və bu da onları düşündüyümüzdən daha az yaşana bilən edir. Çünki suyun mövcudluğu tək başına kifayət etmir; əsas məsələ bu suyun planetin iqlim sisteminə necə təsir göstərməsidir.

Tədqiqatın baş müəllifi Heskelle Vayt-Cianella xüsusilə səthində çox az su olan planetlərə fokuslandıqlarını bildirir. Bu planetlər nəzəri olaraq yaşana bilən zonada yerləşsələr də, praktikada həyat dəstəkləyə bilməyə bilərlər. Bunun əsas səbəbi isə planetlərin temperaturunu uzun müddətdə sabit saxlayan karbon dövranının sudan asılı olmasıdır.

Karbon dövranı pozularsa nə baş verər?

Yer kürəsində atmosferə buraxılan karbon qazı yağış vasitəsilə yenidən səthə qayıdır və süxurlarla qarşılıqlı təsirə girərək okeanlara daşınır. Bu proses milyonlarla il davam edən bir dövran yaradaraq planetin temperaturunu sabit saxlayır. Lakin bu mexanizmin işləməsi üçün kifayət qədər su lazımdır.

Əgər bir planetdə yetərincə yağıntı yaranmazsa, bu dövran pozulur. Karbon qazı atmosferdə yığılmağa davam edir və onu balanslaşdıran mexanizmlər işləməz hala gəlir. Nəticədə istixana effekti güclənir, temperatur artır və mövcud su zamanla buxarlanır. Araşdırmaya görə, bu proses planeti geri dönməz şəkildə yaşanmaz hala gətirə bilər.

Araşdırma qrupu bu prosesi daha yaxşı anlamaq üçün inkişaf etmiş kompüter simulyasiyalarından istifadə edib. Əvvəlki modellərdə kifayət qədər nəzərə alınmayan külək və buxarlanma kimi amillər də yeni analizlərə daxil edilib. Bunun sayəsində quraq planetlərdə suyun davranışı daha real şəkildə modelləşdirilib. Nəticələr göstərir ki, az suya malik planetlər zamanla tamamilə quruyaraq əvvəlcə yaşana bilən olsalar belə bu xüsusiyyətlərini itirə bilərlər. Yəni bir planetin həyat daşıma ehtimalı yalnız yerləşdiyi mövqedən deyil, zamanla keçirdiyi dəyişikliklərdən də asılıdır.

Bu nəzəriyyəyə ən yaxın nümunələrdən biri isə Venera planetidir. Dünya ilə oxşar ölçüyə malik olan Veneranın keçmişdə suya sahib olduğu düşünülür. Lakin bu gün onun səthi son dərəcə isti, atmosferi isə sıx karbon qazı ilə örtülüdür. Alimlərə görə, Venera başlanğıcda Yerdən bir qədər az suya sahib olduğu üçün karbon dövranını davam etdirə bilməyib. Bu da zamanla istixana effektinin nəzarətdən çıxmasına və planetin bugünkü həddindən artıq isti vəziyyətə düşməsinə səbəb olub.

Bu tədqiqat kosmosda həyat axtarışında istifadə olunan meyarların yenidən nəzərdən keçirilməli olduğunu göstərir. Alimlərə görə, məhdud müşahidə imkanları səbəbilə bütün planetləri araşdırmaq mümkün deyil, buna görə də namizədləri daha düzgün seçmək lazımdır. Bu nöqtədə isə suyun miqdarı, onun mövcudluğu qədər vacib amilə çevrilir.