Ontoloji arqumentə qısa baxış
- 225 dəfə baxılıb
Uilyam Dreper “Din və elm ziddiyətinin tarixi” kitabında bu sözləri qeyd edir: “İslam dünyasında bəzən təəccübləndirici bir formada, bizim zamanımızda və bizim tərəfimizdən irəli sürülməsillə öyündüyümüz fikirlərlə qarşılaşırıq. Bizim müasir təkamül fikirlərimiz onların məktəblərində öyrədilirdi”.[1]

Uilyam Dreper
Həqiqətən də bir dönəmlərdə təkamül fikri İslam dünyasında çox məşhur bir mövzu idi və bir çox alim tərəfindən qəbul edilirdi. Çarlz Darvinin “Növlərin mənşəyi” kitabı dərc edildikdən sonra kilsə ilə bu nəzəriyyə arasında qarşıdurmalar yarandı, çünki kilsə inanırdı ki, İsa tanrının oğludur və onun simasında yaradılıb, belə olduqda isə, insan insan kimi yaradılmalı idi. Bu qarşıdurmalardan sonra Qərb dünyasında təkamül nəzəriyyəsinə qarşı böyük bir hərəkat başladı ki, bu da İslam coğrafiyasına təsirsiz ötüşmədi. Bu hərəkatdan təsirlənən İslam coğrafiyasında da əvvəllər qəbul edilən təkamül fikri ciddi şəkildə tənqid edilməyə başlandı və İslama zidd bir şey kimi təqdim edildi. Müasir dövrdə bir çox din və elm insanları bu problemi aradan qaldırmağa çalışsa da, hələ ki ciddi bir təsir göstərə bilmirlər.
İslam tarixində təkamül fikrinin banisi, heç şübhəsiz, Cahizdir. İlk təkamül kitabı deyə biləcəyimiz “Kitabül-Heyəvan” (Heyvanlatın kitabı) adlı əsərində Cahiz, canlıların dəyişməsindən bəhs edir. Cahiz “Kitabül-Heyəvan”da xalqın məsh haqqında fərqli fikirlərdə olduğunu deyir və əlavə edir: ”Bəziləri onun təkamülünü qəbul etdilər və onun it, tülkü, canavar və bənzəri heyvanları meydana gətirdiyini söylədilər. Bu ailənin üzvləri məshdən gəlməkdədirlər”.[2] Bu fikirlərdən açıq aşkar Cahizin canlıların fiziki dəyişməsini qəbul etdiyi görülməkdədir. Cahizin bu fikri Qurani-Kərimdəki bir ayədən gəlməkdədir. Bəqərə surəsi 65-ci ayədə deyilir: ”Biz onlara dedik: Həqir meymunlar olun!”. Cahiz də bu ayədən yola çıxaraq canlılardakı ani dəyişiklərin olması fikrinə gəlmişdi. Ona görə növlərdə dəyişikliklər olurdu, lakin bunlar tamamilə Allahın iradəsinə bağlı idi. Yəni təkamül var, canlılar dəyişir və bunları edən elə Allahın özüdür.

"Kitabül-heyəvan" əsərindən bir hissə
Cahizdən sonra təkamül haqqında fikir söyləmiş başqa bir İslam alimi İbn Xəldundur. İbn Xəldun canlıların dəyişməsini, birinin digərinə çevrilməsini açıqca qeyd etmişdir. Bununla kifayətlənməyən İbn Xəldun, özünün “Müqəddimə” əsərində insanların meymunlardan gəldiyini də çox aşkar formada yazmışdır. “Müqəddimə əsərində həmin sözlər belədir:
“Bir sinfin sonunda olan varlığın özündən sonra gələn sinfin ilk varlığının formasına düşməsi və dəyişməsi üçün ona yaxın istedat və qabiliyyətə sahib olması lazımdır. Heyvanlar aləmi zamanla genişləmiş, növlərin sayı artmış, nəhayət düşünmə qabiliyyətinə sahib insana qədər gəlib çıxmışdır. İnsan olma nöqtəsinə özündə zəka və idrak toplayan, lakin felən düşünmə mərhələsinə çatmamış meymunlar aləmindən gəlmişdir. İnsanlar aləminin başlanğıc nöqtəsi bu olmuşdur. Müşahidəmizin çatdığı son nöqtə budur”.[3]
Cahiz və İbn Xədunun açıq fikirlərindən başqa İslam tarixində bir neçə şəxs də vardır ki, onların dedikləri təkamül fikri kimi bir çox alim tərəfindən qəbul edilib, lakin başqaları tərəfindən də sərt bir şəkildə inkar edilib, bu fikirlərin ruhi təkamülə aid olduğu qeyd edilib. Bu şəxslərin ən məhşurları Miskəveyh, Nəsirəddin Tusi və Mövlanə Cəlaləddin Rumidir.
Miskəveyh təkamül haqqında olan fikirlərini özünün “Fövzül-əsğər” (Qurtuluşun başlanğıcı) adlı kitabında toplamışdır. Müasir dövrün böyük İslam mütəffəkkirlərindən olan Məhəmməd İqbala görə[4] Miskəveyhin düşüncələri tamamilə təkamül fikrini özündə əks etdirir. Miskəveyhə görə də canlıların ortaya çıxması bir-biri ilə bağlıdır və onlar bir-birlərindən çevrilərək formalaşırlar. Kitabında növlərin bir ipə düzülmüş incilər kimi olduğunu, bir növün sonuncusunun növbəti növün başlanğıcını təşkil etdiyini qeyd edən Miskəveyhə görə, canlılığın ilk mərhələsi bitkilərdir. Bitkilərdəki canlılıq onları cansızlardan ayıran başlıca xüsusiyyətdir. Xurma ağacı bitkilər aləminin son mərhələsidir və heyvanlar aləminə keçid məhz xurma ağacından başlayır. Burada Miskəveyh xurma ağacı ilə heyvanların oxşar cəhətlərini qeyd edir və hz. Məhəmməddən “Xalanız xurmaya hörmət edin” hədisini əsas gətirərək bu ağacı heyvanlar aləminə keçid kimi təqdim edir. Xurma ağacından sonra əvvəlcə daha bəsit heyvanlar, sonra daha mürəkkəb heyvanlar və ən sonda isə insan bu ardıcıllığın son mərhələsini təşkil edir.[5]
Böyük alim Nəsirəddin Tusi də Miskəveyhin fikirlərini eyni şəkildə mənimsəmiş və “Əxlaqi Nasiri” kitabında bu məsələyə toxunmuşdur. Tusiyə görə, canlılığın inkişafı bitkilərdən xurma ağacına, xurma ağacından heyvanlara, heyvanlardan isə insana doğru ardıcıl şəkildə irəliləyir.[6]
Mövlanə Cəlaləddin Ruminin də bəzi fikirləri təkamül haqqında ilkin fikirlərdən qəbul edilmişdir. Yenə də böyük İslam mütəfəkkiri Məhəmməd iqbal öz kitabında Mövlanənin sözlərində bir təkamül fikrinin olduğunu qeyd edir. Əlində əsas tutduğu fikir isə Mövlanənin “Məsnəvi”də yazdığı bu beytlərdir:
“Torpağın içində
Mədən və daş ölkələrində yaşadım;
Sonra heyvanatla yerdə, havada və dəryalarda
Saatlarla gəzişdim,
Yeni bir doğuş üçün dənizə baş vurdum, havada uçdum,
Yerdə süründüm və qaçdım,
Və cövhərimin bütün sirri bir forma içində birləşdi və
Hamısını göz önünə sərdi – Və budur, insan! Sonra da qayəm!”[7]
Bütün bu fikirlərə rəğmən Miskəveyhin, Tusinin və Mövlananın bu fikirlərinin fiziki təkamüllə qətiyyən əlaqəsinin olmadığını qeyd edən alimlər də vardır. Onlara görə burada qeyd edilən təkamül tamamilə ruhu təkamülə aiddir və burada fiziki bir təkamüldən bəhs edilmir. Bura da bu mütəfəkkirlərin demək istədiyi, ruhun tərbiyə nəticəsində bitkilərdən heyvanlara, heyvanlardan insana doğru kamilləşdiyi fikridir. Yəni insan özünü tərbiyə edərək öncə bitki nəfsindən daha sonra isə heyvan nəfsindən tam azad olarak kamillik zirvəsinə, yəni insanlığa gəlib çatır.
[1] William Draper - History of the conflict between religion and science (Din və elm qarşıdurmasının tarixi), (Nyu York: Appleton and company, 1875), s. 118
[2] Əl-Cahiz - Kitabül-heyəvan, (Qahirə, 1945), c. 4, s. 24, istinad: Mehmet Bayrakdar - İslamda evrimci yaratılış teorisi, (Ankara: Kitabiyat, 2001), s. 49
[3] İbn Haldun - Mukaddime, tər. Süleyman Uludağ, ( İstanbul: Dergah Yayınları, 1982), c. 1, s. 364-365, İbn Haldun - Mukaddime, tər. Süleyman Uludağ, ( İstanbul: Dergah Yayınları, 2012), 8-ci nəşr, c. 1, s. 283
[4] Muhammed İkbal - İslamda dini tefekkürün yeniden teşekkülü, tər. Sofi Huri, (İstanbul: Çeltüt maatbacılık, 1964), s. 152-153
[5] Miskəveyh - Fövzül-əsğər, (Tunis: ed-Daru`l-Arabiyye li`l-kitab, 1987), s. 111-118, 126-130. İstinad: Recep Alpyağıl - Evrim ve Tasarım, (İstanbul, İz yayıncılık, 2013), s. 218-224
[6] Nəsirəddin Tusi - Əxlaqi Nasiri, tər. Rəhim Sultanov, (Bakı: Lider nəşriyyat, 2005), s. 52-56
[7] Muhammed İkbal - İslamda dini tefekkürün yeniden teşekkülü, tər. Sofi Huri, (İstanbul: Çeltüt maatbacılık, 1964), s. 204-205
Sizə tövsiyə edilənlər
Ontoloji arqumentə qısa baxış
Kosmoloji arqumentə qısa baxış
Elm Allahın varlığını inkar ed...